вторник, 10 августа 2010 г.
MƏHƏMMƏD FÜZULİ
Orta əsrlər Azərbaycan ədəbiyyatında ana dilində yaranan şe`rin ən böyük nümayəndəsi Füzulidir. Özünəqədərki Yaxın və Orta Şərq xalqlarının müxtəlif dillərdə yaratdığı zəngin mədəniyyətin ziyası altında müşahidə edən sənətkar zəngin və çoxcəhətli bir irs yaratmışdır. Azərbaycan, fars və ərəb dillərində Şərq şe`rinin müxtəlif şəkillərində əlçatmaz bədii xüsusiyyətlərə malik əsərlər yaradan Füzuli, hər şeydən əvvəl, dərin humanizm ilə seçilir. Onun əsərlərində XVI əsrin birinci yarısının həyatı demokratik mövqedən əks olunmuşdur. Ana dilini dərindən sevən şair bu dildə “nəzmi-nazik” yaratmaqla böyük qəhrəmanlıq göstərmişdir. Onun əsərləri həyata, insana dərin məhəbbətin ifadəsidir. Bu əsərlərdə xalqın nəcib qəlbi, müqəddəs arzuları əks olunmuşdur. Bu əsərlər Azərbaycan xalqının əvəzolunmaz mə`nəvi sərvətidir.
Məhəmməd Süleyman oğlu Füzuli təxminən 1494-cü ildə Bağdad yaxınlığındakı Kərbəla qəsəbəsində anadan olmuşdur. Füzulinin həyat və yaradıcılığı ilk dövrləri Bağdad və Kərbəla da daxil olmaqla İraqi-Ərəbin Səfəvilər hakimiyyətinə tabe olduğu illərə düşür. Bu, 1534-cü ilə, şairin 40 yaşına qədər davam etmişdir. O, feodal üsuli-idarəsinin eybəcərliyi, hakim təbəqələrin mə`nəvi yoxsulluğu, cahilliyi haqqında kəskin inkaredici əsərlər yazır. “Şikayətnamə”, “Leyli və Məcnun”, “Padşahi-mülk”, Ənisül-qəlb”, “Könül, səccadəyə basma ayaq, təcbihə əl urma” kimi feodal gerçəkliyini ehtirasla inkar və ifşa edən əsərləri məhz bu vaxt yaranır.
Məhəmməd Füzuli qəməri tarixilə 963-cü, miladi təqvimlə 1556-cı ildə taun xəstəliyindən Kərbəlada vəfat etmiş, orada da dəfn olunmuşdur. Bu tarixi onun yaxın dostu və müasiri Əhdi Bağdadi öz təzkirəsində göstərmiş, başqa mənbələr də təsdiq edirlər.
O, çoxlu miqdarda epik və lirik, mənzum və mənsur, elmi və bədii əsərlər yaratmışdır. Onun ədəbi irsinə azərbaycanca “Divanı”, farsca “Divanı”, azərbaycanca, farsca, ərəbcə qəsidələrdən ibarət “Divanı”, “Leyli və Məcnun” aşiqanə romantik poeması, “Bəngü Badə”, “Yeddi Cam” alleqorik poemaları, “Şikayətnamə” də daxil olmaqla məktubları, “Səhhət və Mərəz”, “Rindü Zahid” adlı farsca yazılmış alleqorik, ictimai-fəlsəfi nəsr əsərləri, “Hədiqətüs-süəda” kimi türkcə nəsr əsəri, “Hədisi ərbəin tərcüməsi”, “Mətləül e`tiqad” kimi ərəbcə yazılmış elmi-fəlsəfi əsəri daxildir.
Qəzəllər:
· “Məni candan usandırdı”
· “Söz”
· “Olsaydı məndəki qəm”
· “Yetər ey fələk”
· “Tutuşdu qəm oduna”
· “Pənbeyi-daği-cünun”
· “Keç”
· “Bəkləriz”
· “Könül səccadəyə basna ayaq, təsbihə əl urma”
· “Rəmazan oldu çəkib şahidi-mey pərdəyə ru”
Yuxarıdakı son iki qəzəldə mövhümatın, rühaniliyin cəsarətli inkarını görmək mümkündür. Naqis taəti, zahiri ibadəti Füzuli nifrətlə rədd edir, islamın bir çox ayinlərini bəyənmədiyini bildirir.
Mütəfəkkir şair islam dinini tənqid etməyi qarşısına məqsəd qoymasa da, dini təmsil edən ruhani aləmini elə kəskin ifşa və inkara girişir ki, şe`r həm də dinin tənqidi kimi səslənir. Füzuli nə qədər dindar olsa da, adi müsəlman deyildi. O, panteist filosof idi. Füzuli ateist olmasa da, adi dindar da deyildir. Onun islam rühanilərini cəsarətlə tənqidində də bu cəhəti unutmaq olmaz.
Qəsidələr:
· “Su”
· “Gül”
· “Xəncər”
· “Qələm”
· “Eylər”
· “Ənisül-qəlb”
Qitələr:
· “Padşahü-mülk”
· “Müttəsil mə`rifət əhlini”
Poemalar:
· “Bəngü Badə” (1515-1524) Şah İsmayıl Xətayiyə ithaf olunmuşdur. Poema xəfif bəhrinin ən işlək ölçüsündə yazılmışdır.
· “Yeddi cam” ( ) Poema mütəqarib bəhrində yazılmışdır, burada süjetə epik ünsürlər daxil edilmiş, müxtəlif musiqi alətləri ilə söhbət verilmiş, həftənin yeddi günü və kainatı dərk etməsi prosesi göstərilmişdir.
· “Söhbətül-əsmar” ( ) Alleqorik poemadır.
· “Leyli və Məcnun” (1537) Sultan Süleyman Qanuniyə ithaf olunmuşdur.
Məktublar:
· “Şikayətnamə”
Əsərlər:
· “Səhhət və Mərəz” Farsca və nəsrlə yazılıb. Alleqorik əsərdir.
· “Rindü Zahid” Farsca və nəsrlə yazılıb. İki baxışın dialoqudur.
· “Hədiqətüs-Süəda” (Xoşbəxtlik bağçası) Həcmcə ən böyük əsəridir. Əsər ən`ənəvi-müştərək bir mövzuda yazılmışdır.
· “Hədisi ərbəin tərcüməsi”
· “Mətləül e`tiqad
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий